Qubada avtomobil yollarının qışa hazırlığına oktyabrdan başlanılıb. AAYDA-nın 5 nömrəli Yol İstismarı idarəsinin bazasına 2 min kub qum, 80 ton duz tədarük olunub. Artıq qum duz qarışığının yarıdan çoxu idarənin balansındakı yolların eniş-yoxuş hissələrinə daşınıb. Bununla yanaşı qarlı hava şəraitində istifadə olunan texnikalar hazır vəziyyətə gətirilib. İşçi qrupları yaradılıb.
Bölgənin ən təhlükəli avtomobil yollarından sayılan 57 km-lik Quba-İspik-Xınalıq yolunda qışa hazırlıq yekunlaşıb. Yolda nəqliyyatın hərəkətində problemin yaranmaması üçün 18 nəfərlik növbətçi briqada yaradılıb. Yolun eniş-yoxuş hissələrinə 760 kub qum duz qarışığı tökülüb. Lakin sükan sahiblərinin qarlı havada bu yoldan istifadə etməsi məsləhət görülmür.
İdarə 245 km yerli, 17 km respublika əhəmiyyətli avtomobil yoluna xidmət göstərir. Yolların buz və qardan təmizlənməsi üçün 10-dan çox texnikanın və işçi qruplarının əməyindən istifadə olunur.