İcbari tibbi sığorta ilkin mərhələdə 2 milyona yaxın insanı əhatə edəcək- Video

27 Noyabr 2019 15:55

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirəcək. Birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və 2 milyona yaxın vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar Quba şəhərində keçirilən maarifləndirmə tədbirində məlumat verilib ki, mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.

 

Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu  hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

 

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tətbiq olunacaq yeniliklər barədə əlavə məlumatlar verilib.Maarifləndirici görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.