Qubada millət vəkili Yevda Abramovla vida mərasimi keçirilib- Video

09 Dekabr 2019 15:46

Qubada Milli Məclisinin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədr müavini kimi fəaliyyət göstərmiş Yevda Abramovla vida mərasimi keçirilib.Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisinin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyevanın Yevda Abramovun ailəsinə ünvanladığı başsağlığı məktubu oxunub. Çıxış edənlər  Yevda Abramovun həyat və fəaliyyəti haqqında danışıblar.

Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci il iyunun 12-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Yevda Abramov 53 saylı Quba-Qusar seçki dairəsindən 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı seçilib. Azərbaycan-Argentina, Azərbaycan - Kuba və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramovu “Şöhrət” ordeni ilə təltif edib.Yevda Abramov dekabrın 6-da 71 yaşında vəfat edib. Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.