Dərbənddə görkəmli dövlət xadimi Hüseyn Rəsulbəyovun abidəsi açılıb- Video

10 Dekabr 2019 13:03

Dərbənd şəhərində Dağıstanın və Azərbaycanın rəsmi şəxslərinin iştirakı ilə artilleriya general-leytenant Hüseyn Rəsulbəyovun büstünün açılışı olub. General-leytenant, Hüseyn Rəsulbəyov sovet dövründə uzun illər Azərbaycanın Rabitə naziri vəzifəsində çalışıb. Abidənin qoyulduğu ərazi general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyan küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində yerləşir. Tədbirdə xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən danışılıb. Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov abidənin açılışını Dağıstan üçün unudulmaz hadisə adlandırıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, akademik Cəmil Əliyev çıxışlarında Rəsulbəyovun Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçdiyini bildirərək, onun həyat və fəaliyyəti barədə ətraflı söhbət açıblar.

Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə doğulub. O, sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksələn yeganə azərbaycanlıdır. 1975-ci ildə Azərbaycanın Rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə dəböyük uğurlara imza atıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında, respublikamızın şəhər və kəndlərinin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsində xüsusi xidmətləri olub. O, 1984-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.