“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib-Video

16 Dekabr 2019 16:43

“Şahdağ” Turizm Mərkəzində 8-ci qış mövsümü start verilib. Kompleksdə ekstrim xoşlayan xizək və snoubord həvəskarları, fəal istirahətə üstünlük verən turistlər müxtəlif qış əyləncələrindən faydalanmaq imkanı əldə edəcək. Burada ölkənin ən hündür, sərt və çətin sürüşmə zolağı fəaliyyət göstərir. Uzunluğu 492 metr olan sürüşmə zolağının start nöqtəsi dəniz səviyyəsindən 2 min 351 metr yüksəklikdə yerləşir.

Qış əyləncəsinə üstünlük verən xarici turistlər arasında Rusiya və Ərəb ölkələrindən gələnlər çoxdur. Bu mövsüm turistlərin sayında 5 faizədək artım gözlənilir.

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar təşkil edilən press-turda  media nümayəndələri mərkəzdəki otellər və digər turizm obyektləri ilə tanış olub. Turistlərə təklif olunan yeniliklərlə yanaşı bu il kompleksdə əyləncə xidmətləri və restoranlarda qiymətlərin 15 faiz endirildiyi diqqətə çatdırılıb.

"Şahdağ" Turizm Mərkəzi öz adını Azərbaycanın Qusar şəhərinin 29 kilometrliyində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 metr hündürlükdə olan Şahdağ zirvəsindən götürüb. Kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.