Azərbaycan-Rusiya sərhədində 325 metrlik yeni körpü istifadəyə verilib- Video

24 Dekabr 2019 16:10

Azərbaycan ilə Rusiya sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib. Açılış mərasimində Azərbaycan və Rusiyanın hökümət nümayəndələri, icra hakimiyyətlərinin rəhbərləri, səfirlər və ictimaiyyət nümayəndləri iştirak edib. Bildirilib ki, ölkədə  nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Rusiya tərəfi ilə birgə Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın reallaşdırdığı infrastruktur layihələrindən biridir. Müasir standartlara cavab verən yeni körpü 1957-ci ildə inşa olunan köhnə tikilini əvəzləyir. Körpünün uzunluğu 325 , eni 17 metrdir. Körpü üç zolaqdan ibarətdir. Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb və layihəyə uyğun olaraq iki il ərzində inşası başa çatdırılaraq istifadəyə verilib.

Rusiya qeyri-neft məhsullarının idxalı və ixracı üzrə Azərbaycanın ən böyük tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bununla da sahibkarların Rusiyaya yük daşınmasına sərf etdikləri vaxt kifayət qədər azalacaq. Bu isə həm xərclərin azalmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.