Xızıda 420 şagird yerlik yeni məktəb binası istifadəyə verilib- Video

27 Dekabr 2019 14:06

Xızıda Rafiq İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan 420 şagird yerlik yeni bina istifadəyə verilib.

İkimərtəbəli tədris korpusundan ibarət məktəb binasında 17 sinif otağı ilə yanaşı kompüter, məktəbəhazırlıq, tibb, texnologiya otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 168 yerlik akt zalı, 68 yerlik yeməkxana, idman zalı və kitabxana var. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.

Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəbdə hazırda 214 şagird təhsil alır.

Onu da qeyd edək ki, son illər Xızı rayonunda 5 məktəb binası tikilərək istifadəyə verilib. Bu təhsil ocaqlarından ikisi modul tipli məktəbdir.