Azərbaycanda quş qripi ilə əlaqədar müayinələr mobil laboratoriyada aparılıb- Video

17 2020 15:21

Ölkənin müxtəlif ərazilərdən toplanılan çöl quşlarının nümunələri Şabranda yerləşən Ağzıbir Ovçuluq Təsərrüfatında qurulan və Cənubi Qafqazda ilk dəfə Azərbaycanda istifadə edilən çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunub. Müayinələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu tərəfindən, ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı növbəti epizootoloji monitorinqlər çərçivəsində keçirilir.

Müayinələr biotəhlükəsizlik səhra laboratoriyasında spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya ilə aparılır. Eyni zamanda, sözügedən ərazilərdə AQTİ-nin səyyar baytar laboratoriyalarında ELISA müayinə metodu ilə sınaqlar keçirilir. Mobil şəraitdə müayinələrin aparılmasında məqsəd qısa vaxt ərzində daha çevik və operativ şəkildə müayinə nəticələrinin əldə edilməsidir.

Yanvarın 13-17-də çöl quşları arasında keçirilən monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edir.

Eyni zamanda, həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlar, kiçik və böyük quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.