Sel sularının gətirdiyi ağac parçalarına "ikinci həyat" verən Qubalı sənətkar- Video

06 2020 17:09

Etibar Qəhrəmanov çaylarda sel sularının gətirdiyi ağac köklərindən abstrakt janrında heykəllər hazırlayır. Tullantı ağac parçalarına ikinci həyat bəxş edən 36 yaşlı sənətkar Quba rayonunun Birinci Nügədi kəndində yaşayır. Etibar Qəhrəmanov uşaq yaşlarından rəssamlığa böyük maraq göstərsə də, bu sahədə təhsil almayıb. Bir müddət heykəltəraşlıqla da məşğul olan sənətkar son iki ildə abstrakt janrda əl işləri hazırlamağa başlayıb.

Hazırladığı əl işləri üçün xam materialı Quba rayonu ərazisindən keçən çayları gəzərək əldə edir. Bəzən çay boyu ağac kökləri axtara-axtara kilometrlərlə məsafə qət edir, Xəzər dənizinin sahilinədək gedib çıxır.

Etibar əl işlərini kənddəki emalatxanasında hazırlayır. Bir aydır üzərində işlədiyi iki metr hündürlüyündəki at heykəli artıq son tamamlanma mərhələsindədir. Əvvəlcə abstrakt janrda heykəlin modelini təsəvvüründə canlandıraraq ona uyğun ağac parçalarını bir-birinə calayır. Bunun üçün vintlərdən və ağac yapışqanından istifadə edir. Son mərhələdə ağac kökləri cilalanaraq rənglənir.

Etibar Qəhrəmanov əl işlərini gəlir əldə etmək üçün satdığına görə təəssüflənir. O, böyük vaxt və diqqət sərf etdiyi heykəllərinin “Tullantıdan sənətə”, həmçinin başqa beynəlxalq və yerli sərgilərdə nümayiş olunmasını arzulayır.