Xocalı faciəsinin qurbanlarına həsr edilən tamaşalar nümayiş olunub- Video

26 2020 16:26

Qusar Dövlət Ləzgi Dram Teatrının təqdimatında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tamaşa nümayiş etdirilib. Mədəniyyət sarayında təqdim olunan “Əsir qadın” tamaşasında otuz nəfərə yaxın aktyor heyəti rol alıb. Səhnə əsərində erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Cəlil Məmmədquluzadənin “Kamança” əsəri səhnələşdirilib. “Könüllülər teatrı”nın təqdim etdiyi tamaşa ictimai-mənəvi baxımdan milli xarakterləri səciyyələndirir, mənəviyyat, şüur və ərazi oğurluğu olaraq erməni xainliyini göstərir. Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla izlənilib.