Qubadakı biotexnologiya laboratoriyasında 2 milyon ədəd ting istehsal olunacaq- Video

11 2020 15:56

Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Bitkilərin mikroklonal üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. Birinci mərhələdədə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır.

Mikroklonal üsulla çoxaldılmada bitkinin hissəciklərində ilk cücərtilər 21 gündən sonra bəlli olur. Təkrar-təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə köklənmə mərhələsinə qədəm qoyur.

Köklənmə mərhələsində bitkilər fərqli qida mühitində bəslənilir.  Bu mühitlərdə hər bir bitkinin özünə uyğun fərqli mikroelementlər mövcuddur. Bir tumurcuqdan biotexnologiya laboratoriyasında 105-107 yeni bitki əldə etmək mümkündür. Adaptasiya dövrünü başa vuran sağlam və virusa davamlı bitkilər sahələrə köçürülür.

İnstitutda qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.