Haqqımızda

"ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir.  2011-ci ildən etibarən "ARB Şimal"ı internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri.


Televiziyanın kollektivi həm uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlar, həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.


Telekanalın xəbərlər xidməti fəaliyyatə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibəti ilə rəğbət qazanıb


"ARB Şimal" Azərbaycanda dublyaj studiyası olan ilk regional televiziya kanalıdır. Burada 900-ə yaxın bədii və sənədli film Azərbaycan dilində səsləndirilib. Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. "ARB Şimal" 2007-ci və 2009-cu illərdə "İlin region televiziyası" seçilib.


"Xəbər vaxtı" informasiya buraxılışı "yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına" görə "Media Açarı 2010" mükafatına layiq görülüb. "ARB Şimal" bu mükafat təsis olunduqdan bəri onu qazanan ilk regional media qurumudur. 2011-ci ildə isə televiziyanın istehsalı olan "İşıqlı zülmət" filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi, 36 yerli, 10 xarici filmin qatıldığı "Azərbaycan Ailəsi 2011" film festivalında ən yaxşı film nominasiyasında qalib olub. 2015-ci ildə "ARB Şimal"ın "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi - 2015" film festivalında "Ən yaxşı sosial çarx" nominasiyasında xüsusi mükafata layiq görülüb. Televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçib.


"ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "RTV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini yeniləyərək "ARB Şimal" adı ilə fəaliyyətini davam etdirməkdədir.