“ARB Şimal” telekanalı 14 yaşında

15 Noyabr 2021 10:52

“ARB Şimal” telekanalı 14 yaşını qeyd edir. 2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan regional televiziya on dörd illik inkişaf yolunda tamaşaçıların qarşısına bir-birindən maraqlı layihələrlə çıxıb. “ARB Şimal” hazırda ölkənin ən böyük media tərəfdaşlıq layihəsi ARB Media Qrupda təmsil olunur. Telekanal əməkdaşlarının hazırladığı operativ və dəqiq xəbərlər şimal regionunda baş verənləri özündə tam əks etdirir. “ARB Şimal” telekanalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı zəfərimizlə başa çatan Vətən müharibəsində şücaət söstərən qəhrəmanların tanıdılması üçün xüsusi reportajlar hazırlayır. Telekanal fəaliyyəti dövründə media sahəsində bir sıra nailiyyətlər əldə etməyi bacarıb.  Televiziyanın Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə “Media açarı–2010” mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar “Azərbaycan ailəsi-2011”, “Azərbaycan ailəsi–2015” film festivallarında qalib gəlib. Bununla yanaşı, “ARB Şimal” dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb. Televiziyada daha çox bölgənin istedadlı və perspektivli gənclərinə güvənilir. Bununla yanaşı, peşəkar kadrların təcrübəsi də televiziyanın inkişafında öz sözünü deyib. “ARB Şimal”ın efirində Azərbaycanın bir çox tanınmış aparıcıları və incəsənət nümayəndələrinin təqdimatında baxımlı layihələr yayımlanıb. “ARB Şimal” ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır.