Çaqqallıqtəpədə arxeoloji qazıntıların növbəti mərhələsi başlayıb - ARB Şimal

07 2022 16:23

    Şabran rayonunun Aygünlü kəndi ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, hazırda arxeoloqlar I   Çaqqallıqtəpədə qazıntı işləri aparır. Əsas məqsəd mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir.

    Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb. Aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.