Xaçmaz gilası Rusiya bazarlarında satılır

10 2022 15:38

İyun ayı Xaçmaz rayonunda gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını artıq başa çatdırıblar. Hazırda isə gilasın kütləvi yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndərilir.

İndi bağlarda kütləvi yığıma start verilib. Məhsuldarlıq zəif olsa da qiymət təsərrfatçıları qane edir. Yerində məhsulun kiloqramını 4 manata alırlar.  Gilası vaxtında toplamaq lazımdır. Məhsul ağacada qalsa yağış dəyən kimi çatlayıb xarab olur. Buna görə də təsərrüfatçılar yığım üçün əlavə qüvvə cəlb edir.  Günəmuzd işləyən fəhlələr gilasın bir kiloqramını 50 qəpiyə yığır.  Bir nəfər gün ərzində 100 kiloqramdan çox gilas toplaya bilir. Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər. Yeni salınan bağlar əsasən intensiv üsulla becərilir.